Fevral 15, 2022

Əzmkarlıq və maraq

Bir neçə gün əvvəl iş yoldaşım İsmayıl ilə adi şeylərdən söhbət edirdik. Demək olar ki,  hər şeydən bir az danışdıq. Bir yerdən sonra söhbətimiz “özünütənqid və özünü sevmə” mövzüsunda yekunlaşdı.

O dedi ki, bir çox insan səni uğurlu biri kimi tanıyır. Mən isə buna belə cavab verdim: Mənim özümü qiymətləndirməyim və ya özümə qarşı olan sevgim kor-koranə bir şey deyil, o bir şərtidir. Mən özümü uğurlu hesab etmirəm və həmişə qarşıma yeni hədəflər qoyuram. Bir yerdə dayanmağı və ya durğunluğu sevmirəm. Mən daima dəyişməyi xoşlayıram. Çünki belə etmək ürəyimcədir. İsmayıl isə bunun insanın psixi sağlamlığı üçün zərərli ola biləcəyini düşünürdü. Çünki onun fikrincə, yaxşı mənada da olsa, mən özümə həddən artıq yüklənmişəm. Bu yanaşma toksik və ya həyəcan verici görünə bilər. Buna baxmayaraq, mən bu xüsusiyyətimdən çox razıyam.

Bir az daha söhbətləşdikdən sonra mən ona bu iki sualı verdim:

1 Bütün milyarderlərin və uğurlu insanların ortaq cəhəti nədir?  Bunu ifadə edəcək hər hansı bir söz varmı?

2 Bəs bütün alimlərin və ən böyük mütəfəkkirlərin ortaq cəhəti nədir? Bunu ifadə edəcək hər hansı bir söz varmı?

O bəzi təxminlər etdi. Bununla belə, mənim şəxsən müşahidə etdiyim cavab isə budur- Əzmkarlıq və Maraq.

İndi isə gəlin əvvəlcə bu sözlərin təriflərinə nəzər salaq, sonra isə mənim bununla nə demək istədiyimə baxaq.

Əzimkar olmaq, şəxsi xarakterinizin gücünü göstərmək deməkdir. Bu o deməkdir ki, bu insan nə olursa olsun dayanmayacaq. Dayansa belə, buna əsaslı bir səbəbi olacaq. Bu xüsusiyyətə sahib olan insanlar, həyat onlar üçün çətinləşən zaman təslim olmaq instinktinə sahib deyillər.

Maraq isə, nəyisə bilmək, anlamaq, öyrənmək istəyidir. Ətrafda baş verənlərin və ya insanların necə işlədiyi ilə maraqlanmaq deməkdir. Maraq, bir uşağın oyuncağın içərisində nə olduğunu və onun necə qurulduğunu görmək üçün onu sındırmasıdır.

Fikrimi sübut etmək üçün bəzi nümunələri bölüşmək istəyirəm. Bunlardan bəzilərini şəxsən yaşamışam, bəzilərini isə oxumuş və ya eşitmişəm.

O vaxt  marketing direktorum Həsən Əsgərovun işdən getməsini eşindəndən sonra işə yeni marketinq müdiri götürmək qərarına gəldim. Həsən məndən Abu Dabiyə köçmək və Etisalatda işləmək üçün icazə istəyəndə mən ona belə cavab verdim: “Çantanı yığ və get. Bu, insanın qarşısına min ildə bir çıxan fürsətdir”. O getdi. Bir neçə həftə sonra ən böyük bankların birində çalışan və çox savadlı bir gənclə, Teymur Hacıyevlə tanış oldum. Biz onunla 2-3 il ərzində çoxsaylı layihələr üzərində işlədik. O hətta bir neçə televiziya reklamımıza da rejissorluq etdi. Teymur hər dəfə xaricə səyahət edəndə qeyri-adi şeylər alırdı. Kamera və ya film çəkmək üçün linzalar, müxtəlif aksesuarlar.

Bir müddət sonra mən başa düşdüm ki, Teymurun ATL-də marketinq rəhbəri olmaqdan daha çox kinoya həvəsi var. Beləliklə, biz mehribancasına söhbətləşdik və yollarımızı ayırdıq. O vaxtdan Teymur özünü kinoya həsr edib. Təsəvvür edin, o, bu 5-7 ildə Azərbaycan kinosunun bir neçə onillikdə əldə etdiyi nailiyyətlərdən artığını əldə edib. Onun filmləri onlarla film festivalında iştirak edib. Ən əsası isə budur ki, onun iki filmi Kann kinofestivalında nümayiş olunub. O birində prodüser, birində isə rejissor kimi iştirak edib eyni zamanda bir neçə digər festivallardada Azərbaycanı təmsil edib məsələn Lokarno, Rotterdam, Tampere & Palm sprinqs. Bu onun üçün hələ yolun başlanğıcdır. Bu əzmkarlıqın, ehtirasın və fədakarlığın hekayəsidir. Axşama doğru filminin Cannes film festivalına əlavə olunduğundan sonra, bu fakt Teymuru Azərbaycan kino tarixində festivala həm produser kimi həmdə rejissor kimi qatılan yeganə adam kimi qeydə alır. Aşağıda Teymurun youtube kanalına keçərək onun həmin filminə baxa bilərsiniz.

                     

Bütün bu illər ərzində çalışdım ki, ətrafımda məni ruhlandıran və daha yaxşı olmağa sövq edən insanlar olsun. Həyat nə gətirsə də, heç vaxt təslim olmamağı mənə öyrədən insanlardan biri də Mübariz Mustafayevdir. Mübariz bir neçə ildir ki, ATL-də işləyir. O əvvəllər ATL Consulting-in bir parçası olub. Hazırda isə ATL Tech-in Biznesin İnkişafı üzrə menecer kimi fəaliyyət göstərir.

Mübarizlə mənim aramda olan bir zarafat var. Mən ona artıq 3 ildir ki, “Qəhrəman” deyirəm. Ancaq keçən ilin oktyabrında o, həqiqətən də bir qəhrəman olduğunu sübut etdi. Təxminən 2 il əvvəl Mübarizdə xəstələndi və həkim dedi ki, əgər o əməliyyata girsə 2 ay yaşayacaq. Mübariz 3 dəfə beyin əməliyyatı keçirdikdən sonra sonuncu dəfə oktyabr ayında müayinə olunub. O tam sağalıb və çətin keçən son 2 ildə onun yanında olan hər kəsə çox təşəkkür edir. Onun bizim üçün rəsmi bəyanatı “Mən geri qayıtdım” cümləsi oldu. Bütün bunlar cəsarətin və güclü xarakterin təcəssümüdür.

Həyatda qalib gələn insanlar haqqında bir çox hekayələr var, amma mən bütün zamanların ən sevimli hekayələrindən birini danışmaq istəyirəm.

Kobe Bryant-ın hekayəsi. Bəziləri üçün bu ad heçnə ifadə etmir, amma mənim üçün Kobe bir əfsanə idi. Faciəli helikopter qəzasında dünyasını dəyişən məşhur NBA oyunçusu. Onun uşaqlıqdan arzuladığı şey NBA çempionu olmaq idi və o, çempion olmaq üçün əlindən gələni etdi. Kobe, Michael Jordan-a heyran idi, ona pərəstiş edirdi və Michael kimi olmaq üçün hər şeyi edirdi. O Michael kimi uğurlu oldu. Əslində, Kobe-nin hekayəsi ən ruhlandırıcı hekayələrdən biridir. O, mənim zənnimcə, bütün zamanların ən sevimli müsahibələrindən birinin qəhrəmanıdır. Onun qəlbinin və ağlının hər zərrəsində əzmkarlıq var idi. Onun müsahibəsinə aşağıda baxa bilərsiniz.

                     

Əzmkarlıq haqqında başqa bir heyrətamiz hekayə isə Starbucks-ın qurucusu Howard Schultz-un hekayəsidir. Howard Schultz-un Starbucks-ı maliyyələşdirmək üçün 242 investora müraciət etdiyini bilirdinizmi? Güc və əzmkarlığın əsl tərifi budur. Bəzi insanları 242 “YOX” cavabı aldıqdan sonra belə, ruhdan salmaq mümkün deyil.

İndi isə gəlin maraqdan danışaq. Mən əminəm ki, siz Elon Maskın əlinə düşdüyü hər kitabı oxuduğunu bilmirdiniz? İddiaya görə o, uşaq ikən gündə 10 saat kitab oxuyurmuş. Görünür bu kitablar onun ambisiyalarını gücləndirib. O günlərini kitabların içində keçirirdi. Xüsusilə də elmi fantastika romanlarını oxumağı çox sevirdi. O, yerli kitabxanasındakı bütün kitabları oxuyub bitirdikdən sonra cəmi doqquz yaşı olanda Britannica Ensiklopediyasını tam oxumaq qərarı alıb. Elonun Mustafa Kamal Atatürkə heyran olduğunu biləndə mən hətta təəccüblənmişdim. Görünür, o, uşaq ikən onun haqqında oxuyub. Elon hətta Ankarada onun xatirəsini ziyarət edib. Demək istədiyim budur ki, bu oğlanın yadplanetlilərə ən yaxın biri olduğunu hamımız bilirik. O, hər şeylə maraqlanan uşaq olub; o, iddialı bir gəncdən Tony Stark-a çevrildi. Bəli, Dəmir Adamın Tony Starkı Elon Maska əsasında yaranıb.

Maraqla bağlı başqa bir hekayə Albert Eynşteynin elmə girişidir. O beş yaşında olanda kompas əldə etmişdi. Kompası hansı tərəfə çevirməsindən asılı olmayaraq, iynənın həmişə eyni istiqaməti göstərməsi gənc Alberti heyran etmişdi. Bu da onun elmi araşdırmaya girişi oldu. Qalanı isə tarixdir.

Heç Richard Feynman haqqında eşitmisiniz? Əgər eşitməmisinizsə, mütləq araşdırın. O, fizika tarixinin ən böyük adlarından biridir. Richard Phillips Feynman tarixdə ən böyük və ən nüfuzlu nəzəri fiziklərdən biri hesab olunan görkəmli Amerika alimidir. Feynman kvant mexanikası sahəsində inqilab edib və kvant elektrodinamika nəzəriyyəsini formalaşdırıb. O 1965-ci ildə Fizika üzrə Nobel Mükafatı alıb.

Bununla belə, gənc Feynmana atası çox təsir etmişdi. Atası onu ortodoks düşüncəsinə meydan oxumaq üçün həmişə suallar verməyə təşviq edirdi. O, həm də Feynmana yeni bir şey öyrətməyə həmişə hazır idi.

Əzmkarlı və hər şeylə maraqlanan əfsanəvi kişi və qadınlar haqqında çoxlu hekayələr var. Hər bir alim, filosof və ya dahi insan hər şeyi bilmək istəyib. Odur ki, lütfən, uşaqlarınızı hər şeylə maraqlanmağa təşviq edin və onlara sual verməyə icazə verin. Öz səbirsizliyinizlə onların marağını öldürməyin. Mən xüsusilə də bir valideyn olaraq bu kitabı oxumağınızı tövsiyə edirəm: Uşaqlar Necə Uğur qazanır? Paul Tough-dan Maraq və Xarakterin Gizli Gücü.

Mən hər şeylə maraqlanmaq ifadəsi ilə bağlı öz mövqeyimi izah edəndə, İsmayıl məndən soruşdu. – Bəs səndə hansı var, Rəşad? Kaş mənim buna cavabım olardı. Ancaq buna baxmayaraq aşağıdakı cümlələrlə cavab verdim.

“Təəssüf ki, mən qeyri stabil bir saat qurşağında doğulmuşam. Bu heç də ölkə ilə bağlı deyil, geolokasiya ilə bağlıdır. Mən əfsanəvi alimlər, elm adamları, iş adamları, idmançılar, aktyorlar və ya dünyanı dəyişən insanlarla tanış olmamışam”. Təəssüflər olsun ki, mənim nəslim müharibələr, Sovet İttifaqının dağılması, müstəqillik uğrunda mübarizə şəraitində böyüyüb. Bu isə mənim başqa bir blogda daha ətraflı müzakirə etmək istədiyim bir mövzudur.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!