Aprel 25, 2022

ATL SMS VƏ ONUN UĞURA APARAN RUHLANDIRICI SƏYAHƏTİ

Bu yaxınlarda “Sözünün Adamı” adlı məqalə yazmışdım.  Məqalə Abbas müəllimdən və ATL Electronics-in yaranmasından bəhs edirdi. Ancaq bu məqalə ATL qrupun tarixinin çox az bir hissəsidir. Bugün mən istərdim ki, ATL qrupun tarixinə biraz da işıq tutum. Bu məqaləni oxuyandan sonra “Bu mümkün deyil!” deyəcəksiniz.

Məqaləni yazmamışdan əvvəl onun qəhrəmanlarından icazə aldım. Onlar ehmalca razılaşdılar, lakin “qoy yazına birinci biz baxaq” dedilər. Mən bu məqaləni  Bakı-Moskva reysindən yazıram.

Məqalə ATL SMS-in yaradılması haqqındadır

Mənim hələ 2011-ci ildə “118 xidməti” adlı telefon şirkətim var idi. Biz 24/7 telefon dəstəyi xidməti təklif edirdik. Öhdəliklərimizin bəziləri bunlar idi; müəyyən bir şirkətin nömrəsini tapmaq, pizza, gül sifariş etmək və s.. Bir sözlə, biz kütləvi bazar üçün konsyerj xidməti idik. Xidmətə görə müştərilərimizdən hər dəqiqə üçün 0,47 AZN alırdıq. Təxminən 45 nəfərdən ibarət komandamız var idi və düzünü desək, qazandığımız gəlir çox gülməli bir məbləğ idi. Biz proqnozlaşdırdığımız yüksəlişi əldə etmədik. O zamanlarda satış rəhbəri  Valeh Maksumov, satış və marketinq üzrə menecer isə Emin Hüseynov idi.

2012-ci il, tam da mənim Abbas müəllimlə görüşdüyüm ərəfələr idi. ATL Consulting şirkətində kiçik mütəxəssis işləyən Üzeyir Topçubaşov mənə yaxınlaşdı. O mənə bir saat ərzində öz ideyasını təqdim etdi. “Rəşad, əgər biz bir şirkət olaraq enerjimizi ATL Electronics-ə cəmləsək və potensial şəkildə texnoloji sənayeyə girsək, 118 xidmət haqqında düşünərək yuxusuz gecələr keçirməyimizə ehtiyac olmayacaq. Bu xidmətdən gələn gəlir qəpik-quruşdur. Buna vaxtımızı və enerjimizı sərf etməyə dəyməz.

Mənimlə yaşıd olan bu gənc oğlan heyrətamiz bir fikir təqdim etmişdi. Bu görüşdən düz 2 həftə sonra mən 118 xidmətini bağlamaq qərarına gəldim. Biz aktivlərin bir hissəsini saxlamaqla, qalan hissəsini rəqiblərimizə satdıq. Bu zaman bizim bütün diqqətimiz ATL Electronics-ə və Texnologiya sənayesinə daxil olmaq üçün imkanlar tapmağa yönəlmişdi. Bütün bu dəyişikliklərin arasında mən artıq ATL Tech-də hazırkı partnyorumuz olan və texniki direktor vəzifəsində çalışan Vurğun Hacıyevlə tanış olmuşdum.  Tanışlığımız haqqında başqa bir məqalədə danışaram.

Həmin gün gəlib çatdı və mən bir şirkət olaraq 118 xidmətinin yolun sonuna gəldiyini elan etməli oldum. 45 nəfər işsiz qalacaqdı. Bununla belə, söz verdim ki, komanda üzvlərindən bacardığım qədər çox adam saxlamaq üçün əlimdən gələni edəcəyəm.

İcazə verin, onlardan bəzilərinin adlarını açıqlayım – düzünü desəm, qürur hissi ilə doluyam.

  • 118 xidmətinin rəsmi səsi  və operatoru olan Leyla Əhmədova bir ildən sonra ATL Group-da İnsan Resurslarının rəhbəri oldu.
  • Həm operator kimi, həm də uzun illər ATL Tech-də çalışmış və hazırda Azərbaycan Beynəlxalq Bankının İnnovasiyalar Mərkəzinin direktoru Leyla Hacıyeva
  • Ziya Qurbanzadə bizim mühasiblərimizdən biri oldu
  • Azadə xala indiyə kimi bizimlə işləyir. O ofisi idarə edir, qonaqlara çay, kofe və s. gətirir. Azadə xala ofisimizin ətrafında baş verən bütün dedi-qoduların əsas mərkəzidir.
  • İT üzrə mütəxəssislərimiz Rəşad Süleymanov və Xəzər Məmmədli sonradan ATL Tech-də işə düzəldilər. Xəzərlə əlaqəm kəsilib, amma Rəşad hazırda Estoniyada yaşayır.

Biz həmçinin bütün mühasib və inzibati heyətlə bir müddət işləməyə davam etdik.

Valeh şirkətin bağlanması xəbərini eşidən kimi yanıma gəldi. Bilirdim ki, mən bəzilərinə iş təklif edə bilərəm , amma təəssüf ki, o an Valehə təklif edəcəyim heç nə yox idi – təklif etdiyim tək şey yoluna davam edə bilməsi üçün əlimdən gələni etmək idi.

Təəccüblüsü budur ki, Valeh vəziyyəti nəzərə alaraq çox sakit bir şəkildə mənə yaxınlaşdı. Onun sözlərini belə xatırlayıram:

“Rəşad, mən “Azerfon”da işləyəndə sən məndən xahiş etdin ki, sənə qoşulum və mən də razılaşdım. Üstəlik Emini də özümlə dartdım. Mən əvvəlki  işimə qayıda bilmirəm, çünki yerim artıq doludur və bu, adama heç də yaxşı hiss etdirmir. Əgər mən sənə biznes fürsəti təklif etsəm, nəzərdən keçirərsən?

Dedim ki, əlbəttə.

O bir saat sonra təkliflə qayıtdı.

“Deməli belə. Bizim müştərilərimizə bildiriş göndərmək üçün istifadə etdiyimiz toplu SMS balansımızda (təxminən 10.000 manat dəyərində) ödənilməmiş balansımız var. O balansı götürüb  satsaq və onun ətrafında biznes qursaq necə olacaq? Sənin etməli olduğun tək şey o balansı bizə vermək və aşağıda göstərdiyimiz  tələblərimizi yerinə yetirməkdir.

  • SMS balansının gələcək alışlarını maliyyələşdirmək
  • Emini indi aldığı əmək haqqı ilə komandaya gətirmək
  • Mənim əmək haqqımı Emininki ilə eyni olsun deyə yarıya endirmək. Biz ikimiz də 3 nəfərlik şirkətimizdə satış rəhbəri vəzifəsində işləyəcəyik.
  • Bizə 5-10% bonus ödəmək
  • Bizə iki yer ayırmaq

Bunlarla razılaşsan, biz sənə həqiqətən mübarizəyə dəyəcək bir biznes verəcəyik”

Mən Valehin və Eminin istədikləri hər şeyi verdim. Bununla belə mən bunu təkcə bonusla deyil, həm də kapitalla tamamladım. Onların hər biri ilk gündən ATL SMS-də paya sahib idi. Bizim səyahətimiz həmin gündən başladı.

ATL SMS bu günə qədər, 5300 brendə 352 485 851 SMS satıb. Biz Azərbaycanın hər dörd mobil operatoru ilə işləyirik. Buna  görə də toplu SMS sənayesində ən yaxşılardanıq. Bizdən başqa buna heç kim nail ola bilməyib.

Nəhayət, 10.000 manatlıq investisiya 3,5+ milyon manat dəyərində bir şirkətə çevrildi.

Biz həmin gün nəinki biznes yaratdıq, həm də tərəfdaş olduq və 10 ilə yaxındır ki, belə davam edirik. Valeh də, Emin də satış üzrə mütəxəssisdir. Biz heç vaxt görüş otağından fikir ayrılığı ilə ayrılmamışıq və heç vaxt negativ vidalaşmamışıq. Adlarını çəkdiyim bu insanların hamısı karyeralarını mənə əmanət ediblər və mən bu etimadı yüksək qiymətləndirirəm. Mən ATL-də etimad təməli üzərində o qədər gözəl əlaqələr qurmuşam ki, geriyə baxanda heyrətlənirəm. Görəsən bu  insanlar yanımda olmasaydılar, mən indi harada idim? Öz karyera səyahətini ATL qrup və mənimlə bölüşən hər kəsə sonsuz təşəkkür edirəm.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!