Biz olmayan yerdə hər şey yaxşıdır
May 25, 2020

Biz olmayan yerdə hər şey yaxşıdır və ya bura Azərbaycandır

Yaxınlarda bir təlim vaxtı belə bir sual verdim: -Bura Azərbaycandır, burda hər şey fərqlidir. Siz dedikləriniz gözəl səslənir, amma biz bunları necə tətbiq edək? Qarşı tərəfin cavabı: -Azərbaycanda nə etdin ki, deyirsən burda alınmaz? Deyilənlərin yarısı qədərini edibsənmi?

Təbii ki, mənim cavabım “yox” idi. Çünki mən də bir çoxları kimi, yaşadığım yerdə nəyinsə uğurlu olacağını düşünmürdüm=heçnə etmirdim (hələ də etməmişəm), amma artıq belə dar düşünmürəm.

Tənbəlliyin torbası bəhanələrlə doludur.

Andrey Doronichevin (Google director of Product) intervyusunu izləyirdim. (Rusiya Federasiyasının Medvedkevo r. doğulub, Youtube Mobile yaradıcısıdır. https://www.youtube.com/watch?v=9lO06Zxhu88)

15:23-dəq. səslənən suallardan biri:
- Medvedkovodan olan bir şəxs necə Google-da bütün məhsulların idarəçisi ola bilər?
Cavab: -ilkin olaraq, çalışıb Medvedkovada nəsə etmək lazımdır. Çox guman ki, pis alınacaq.

Yazının əvvəlindəki cavabla çox uyğun deyilmi?

İki fərqli və uğurlu insandan alınan cavabdan belə çıxarış edirəm:

Öz bağçanda toxum əkmədən, başqasının bağında məhsul toplayacağını düşünürsən. (Oxu: öz qabında da nəsə olmalıdır.)

Gərək biz əvvəl öz bağımızda nələrsə yetişdirək. Torpağı belləyib, toxum səpib, qayğı göstərib bir məhsul toplayaq. Bu prosesə yiyələnək. Ancaq

*Pul məhsulu toplamaqda deyil, onu sata bilməkdədi. (Başqa mövzudur, qalsın gələn dəfəyə.)

Heçnə ideal deyil. Okeanın o tayında və ya qonşuluqda olanlar da bu prosesi rahatlıqla öyrənmiş deyildirlər. Əgər elə olsaydı neçə ton kitab, məqalə, video, kurslar ərsəyə gəlməzdi.

Sadəcə birilərimiz bu işdə çox qabaqda, birilərimiz isə çox geridəyik. Ancaq onların metodlarını istifadə edə bilsək, sürətimiz artmış olar. Təbii ki, kor-koranə istifadə düzgün yanaşma deyil, özünküləşdirmədə fayda var.

Heç şübhəsiz ki, ətraf mühit və resurslar nəyi, niyə və necə yaradacağımızda çox böyük rol oynayır. Qeyd etmək istədiyim, amma yazını uzadacaq n sayda faktorları nəzərə almaq olar.

Demək istədiyim o deyil ki, hər şey asandır ancaq heç kəs heçnə etmir. Xeyir. Burada çatdırmağa çalışdığım: ən azından mümkün olan qədərini olduğumuz yerdə edək, bəhanələr gətirməyək. Bunu tək oxuyanlara deyil, özümə də deyirəm.

Boş yerdə deyinməyək, toplum olaraq vəzifə dalınca qaçmayaq. Kreslolu, amma işə yaramayan bir insana çevrilməyək. Gəlir gətirən, problem həllərini tapmağa çalışaq.

Özümüzə və ətrafımızdakılara düzgün suallar verək, beynimizin çərçivələrini sındıraq.

Hər birimiz fərd olaraq daxilimizdəki potensialı kəşf etsək, birləşmiş şəkildə cəmiyyətə daha faydalı ola bilərik. Bu da bizə, iddialı səslənsə də, insanlığa faydalı olmağa kömək edə bilər.

Kiçikdən başlayaraq əmin şəkildə böyüyə doğru hərəkət edək.

Olduğumuz yerdən başlayaq.

Dəyər qataq.

Etməmək üçün bəhanələr yox,
etmək üçün səbəblər uyduraq. 

Got a project idea? Let's discuss it!