October 01, 2021

Tədris etmək mənə nəyi öyrətdi?

Akademiyada tədris etməyə başladıqda o qədər həvəsli idim ki, gecə gündüz düşünürdüm: “necə edim ki, super olsun?”.

Müəllimlik təcrübəm olmasa da, işimə olan həvəsimi alət çantama qoyub ilk dərsə yollandım.

Əlbəttə ki, hər şey dərhal yaxşı alınmır. Birinci qrupdakı tələbələri düşünərkən bəzən fikirlərə dalıram. Onlara nə qədər çox mövzu izah etdiyimi anlayıram. Bu bir tərəfdən yaxşıdır, çünki bir çox konseptlərdən xəbərdar olurlar. Digər tərəfdən yorucu: əgər bunu başlayan bir əməkdaş dərhal tətbiq etməyəcəksə, istifadə etməli olduğu zaman gəlib çatanda onsuz da unutmuş olacaq, əvvəldən beynini niyə yükləyirdim ki?- kimi fikirlər keçir ağlımdan.

Onlara nələrisə izah etdikcə gözləntim vardı. Hə, sual ver, soruş, aktiv ol — cümlələri keçirdi beynimdən.

Suallar gəlirdi. Suallar gəldikcə, bəzilərini dərhal cavablandırır, bəziləri üzərində düşünərdim ki, hansısa real halı misal gətirim. Suallar bilmədiyim, qaranlıq qalan “ərazilərə” işıq saçan fənər oldu. Sanki, “bax o hissəni düşündüyün qədər yaxşı bilmirsən”, “bu hissədə təcrübən geniş deyil”, “o hissədə kitab bir cür deyir, sənin realda işlədiyin başqa cürdü”- kimi işıqlar.

Beləcə bir gün alət çantama əl atanda “müqayisə edə bilmə; olanları kontekstdə dəyərləndirmə” bacarığını tapdım.

Bir gün dərsə gələndə tələbələrdən birini görmədim. O artıq gəlməyəcək dedilər. Bu hal hər qrupda 1 nəfər olaraq təkrarlandı. Səbəblər fərqli idi: yorulan kim, mənlik deyil anlayan kim, amma nəticə bir: hər kəs sonadək davam edə bilmir.

Bunu qəbul etmək lazımdır. Al çantanı “qəbullanmaq” təfəkkürünü formalaşdır. Still in progress…

Eyvallah deyib, yoluma davam etdim. Fikir verdim ki, qrupda əyləşən insanlardan demək olar ki hər biri artıq iş sahibidir. Onların da bir təcrübəsi, bildikləri var. Yəni işim boş qaba su doldurmaq yox, suyu olan qabı yeni su ilə əvəz etməkdir. Bu isə daha çətindir. Çünki qab o suya öyrəşib. Tək danışmaqla həll olunmur, çünki insanlar yeni öyrəndiklərinin həqiqətən faydalı olduğunu qəbul etmədikcə, onu mənimsəmirlər. Deməli sən onları əmin etməlisən. Əmin etmək üçün özün inanmalısan. İnanmağın üçün gördüyün işi başa düşməlisən və sevməlisən.

Çantamı alıb, ora “inandırmaq” bacarığını əlavə etdim. Hər dəfə alınırmı?- sorsanız, təbii ki, yox deyərəm. Amma daima cəhd edirəm və hər kiçik düşüncə tərzi dəyişikliyi mənim üçün böyük nəaliyyətdir. Çünki hər şey düşüncədə başlayır. Orada da bitir.

Müxtəlif vaxtlar, fərqli qruplar, peşəsində yeni etapa keçmək istəyən fərqli insanlar. Onlarla danışmaq, yanaşmalarını, həvəslərini, təəsüflərini görmək məni daim “başlanğıc düşüncə”də saxlayır. Sanki hardan və nədən başladığımı, kim olduğumu unutmamağa kömək edir.

Çantamdakı alətləri düzgün istifadə edə bilmək üçün, “başlanğıc düşüncə”də olmağı unutmamalıyam. Bildiklərim mənə bələdçi olmalıdır, (dediyim-dedikdi bağıran) kor etməli deyil.

Hər bir təlim sonuna gəlir, sən isə bir təlimçi olaraq onda anlayırsan ki, öyrədən rolunda olsan da, paralleldə özün daha da çox öyrənmiş olursan və bu çarx daim fırlanır.

Got a project idea? Let's discuss it!