Oxumağın sirri
16, 2020

Oxumağın sirri

2019-cu il başlamamış özümə 52 kitab oxuyacam məqsədi qoyanda, bunun mənə necə təsir edəcəyini təsəvvür etmirdim. Kimsə nədənsə danışanda mən də “iki kəlmə deyə biləcəm” — deyə düşünürdüm. Başladım oxumağa.

Kitablar çox müxtəlif idi — bir başa peşəmlə əlaqəli olan, sosial bacarıqlar, bioqrafik, şəxsi inkişaf, memuar, roman və s. janrlarda. Hər növbəti kitabı bitirdikdə, öyrənəcək hələ çox şeyin olduğu mənə getdikcə daha da aydın oldu. Bu baxımdan “iki kəlmə deyə biləcəm” düşüncəsi yavaş-yavaş gedərək, öz yerini “necə edim ki, oxuduğumun tək informativ yox, həm də praktik faydasını görüm” düşüncələri ilə əvəz edildi.

Bunu dərk etdikcə, inkişaf və oxumağımda əvəzsiz rolu olan bir insanın sözləri heç ağlımdan çıxmadı: “10 kitab oxuma, 1 kitab oxu. 1 Kitab oxuma, 10 səhifə oxu, amma oxuduğunu başa düş.”

“Oxuduğunu başa düş”… Kim bilir bəlkə də “ilə 52 kitab” məqsədi əvəzinə, “oxuduğunu başa düş”, “oxuduğunu tətbiq et”, “oxuduğunu sual et” — məqsədi qoymalı idim?!

Məqsədimə nail oldum. 2019-cu ili 52 yox 54 oxunmuş kitab ilə başa vurdum. Qaldı cəmi 154, 554, 1054 və N qədər oxunmamış kitab. Gəlin bir analiz edək: “Neçəsini anladım?”, “Neçəsini tətbiq etdim?”. Cəmi 13. Burda da A-dan Z-yə tətbiqdən və anlamadan söhbət getmir, ümumi göstəricidir. O zaman, bəlkə elə bu 13 kitabı tapmaq üçün 54 kitab oxumalı idim?..

Bunları yazmaqda məqsəd rəqəmindən asılı olmayaraq oxumağı — düzgün oxumağı təbliğ etmək, oxuduğumuzu sual etmək, şəxsi fikirlərimizi və yanaşmalarımızı formalaşdırmaq, bu bacarıqları özümüzdə inkişaf etdirməkdir. Burada söhbət kitabdan getsə də, bilik mənbəyinin tək kitab olmadığını qeyd edərək, bu siyahıya rəqəmsal dövrün videotəlimlər, məqalələr, podkastlarını da əlavə etmək olar. Axı onları yaradanlar özü də sonsuz sayda araşdırma edir, kitablar oxuyur və biliklərini xülasə edilmiş formada ötürməyə çalışırlar. Söhbət təbii ki, keyfiyyətli kontentdən gedir.

Nə qədər oxuduğumuz yox, nəyi necə oxuduğumuz çox önəmlidir! #oxumagibacaraq

Есть идея проекта? Давай обсудим!