Reallıq həmişə fərqlidir. Yəgin əvvəlcədən düşünülə bilinmədiyi üçün.
Yazmaq və tənqid etmək asandır, danışmaq — daha da asan.
Çətin olan danışdıqlarına özünün də riayət edə bilməyindir.
Bir insanın iş həyatında “soft” və “hard” adlandırdığımız bacarıqları vacib olduğu qədər, onun menecerinin kim olduğu da önəmlidir. Çünki:
İşçini işçi edən onun meneceridir.
və ya
Pis işçi yoxdur, özünə uyğun işi görməyən var. ©
Bu sitatlar bir az dolaşıqlıq yarada biləcəyi üçün azca aydınlıq gətirim. Burada müəyyən dərəcədə sərbəstlik olan iş yerlərindən söhbət gedir. Bürokratik iş yerlərinə aid deyil. Orası biz girən kol deyil.
Yaxşı, niyə işçini yaxşı edən menecerdir?
Ondan daha ağıllıdır? Daha bacarıqlı? Bəlkə siyasətçildir? və s. bu kimi bəlkələr çoxdur.
Kiçik beynimin 10% anladığı bir şey odur ki, menecer böyüməyimizə (oxu: inkişaf etməyimizə) mane olmayan, əksinə onu sürətləndirəndir. Burdan isə belə çıxır ki, menecer paylaşandır, paxıl deyil (ən azından bu hissi yenməyə çalışır), qorxaq deyil, vizionistdir, sərbəstdir, sərbəstlik verəndir, məqsədləri və onlara uyğun düzgün resursları var və inkişaf etdirilməkdədir. Əməkdaşlara uşaq kimi baxmır, çünki bilir: “uşaq münasibəti görən əməkdaş, uşağın verdiyi nəticəni gətirəcək”.
Məni səhv anlamayın, burada menecerlik yazısı ilə sizi yormaq istəmirəm. Bunun haqqında sonzus sayda kitablar, məqalələr və s.var, qısacası məşhur mövzudur. Mən menecer deyiləm, MBA oxumamışam, heç menecer olmamışam belə. Menecerlərlə işləmişəm, işləyirəm. Menecer necə olmalıdır deyə bilmərəm, marağımda deyil, amma sevilsin yox, elementar hörmət edilsin deyə menecer əməkdaşa hansı münasibəti göstərməlidir bunu yaza bilərəm.
Çox kiçik olsa da, 6 illik iş təcrübəmdə fərqli menecerlərlə rastlaşmışam. Menecer bir mütəxəssisin karyerasında çox böyük rol oynayır. O sizi ya “yüksəldə” (oxu motivasiya edə) ya da ki, “endirə” (oxu: demotivasiya edə) bilər.
Təsəvvür edin: yeni iş yerinə düzəlibsiniz. Həddindən artıq həvəsli. Qabağınıza bir ton köhnə kağız və qovluq qoysalar belə, “bir günə bitirərəm” düşüncəsi ilə qollarınızı çirmələyib işə başlamaq istəyirsiniz. Yaranan sual ilə bağlı menecerə yaxınlaşdıqda, aldığınız cavab variantları:
(a) Haha, bilmirsen bunu? Bu sadə bir şeydir, mən bunu o vaxt etmişdim bla bla bla…vacibliyini nümayiş etdirən hər bir şeyi deyəcək, bircə sizin verdiyiniz suala cavabdan başqa.
(b) Sənə bu nə üçün lazımdır? (Səbəbi biləndən sonra) Uyğun və istiqamətləndirici cavabı verir. İşlədikcə başa düşəcəksən deyir. Sonda isə “nəsə sualın olsa soruş”-cümləsini əlavə edir.
Variantlardan hansı sizi iş masanıza qayıdaraq daha da həvəsli şəkildə qarşınıza çıxan problemi həll etməyə təkan verər?
İnsanlar fərqlidir və motivasiyaları da fərqli ola bilər. Mənim üçün bu variant (b) -dir. Vəzifəsini itirməkdən qorxan (a) isə gözümdə artıq menecer deyil. Əgər menecer vəzifəsini itirəcəyindən qorxursa, deməli o inkişafdan dayanıb, komfort zonasındadır. “Yenigələn” irəliyə gedərək vəzifəsini onun əlindən ala bilər. Halbuki sonuncu, inkişafdan qalmış beynin xəyalından başqa bir şey deyil.
Yuxarıda qeyd etmişdim ki, menecer sərbəstlik verəndir. Əməkdaşlara verilən sərbəstliyin işin effektivliyinə və kreativliyin artmağına necə təsir etdiyi haqda xeyli araşdırmalar var. Onları burda sadalamayacam, amma faydalı üsul olduğu təsdiqlənib. Əgər bunu oxuyan bir menecer belə varsa ( və ya nə vaxtsa olacaqsa), sizdən xahiş edirəm, əməkdaşlarınıza səhv etmək kompleksləri yaşatmayın. Səhv etməkdən qorxan əməkdaş, sizə yenilik gətirməyəcək. Cavan kadrı götürüb, onu “Arzu xala” kimi işlətməyin, heyifdir.
Sual verə bilərsiniz ki, “yaxşı bəs bu əməkdaş sabah getdi həqiqətən nəsə iri miqyaslı bir səhv etdi, bəs onda?”
Onda isə “heçnə”.
Menecer olaraq o səhvin məsuliyyətini siz öz üzərinizə götürdükdə, əslində nə itirib, nə qazandığınızı hiss edərsiniz. Hallar müxtəlif ola bildiyi üçün ümumi yazıram. “Ölümdən başqa hər şeyə çarə tapılar” — deyiblər.
Hər kəs sadiqliyi bir cür öyrənir.
Bu günün sabahı var.
Hardasa bir dəfə oxumuşdum:
Birinin sizi görəndə qorxudan qabağınıza qaçmağı bir gücdür. Fəqət onun sizin qabağınıza sevinərək qaçması tamam başqa bir gücdür.
Özünüzü qoruyun.