Təbii ki, 10 kitab anlayışı nisbidir. Həyat dəyişir, biz də onunla birgə dəyişirik. Bu səbəbdən müxtəlif vaxtlarda kitab seçimləri də fərqli ola bilir.
Aşağıda qeyd edəcəyim kitablar oxuduqlarım arasında mənə elə və ya belə kömək olan kitablardır. Sözsüz ki, məhsul menecerliyi haqqında N qədər kitab var və sırf bu 10-luq yaxşıdır deyə bir anlayış yoxdur, sadəcə mənim keçdiyim yolda indi üçün faydalı bildiklərimdir. Hər bir kitaba aid sevdiyim sitatları da qeyd edəcəm. Başlayaq.
1. Start With Why by Simon Sinek
Kitabda məhsul təbliğinə dair yanaşma strukturu haqqında bəhs edilir. Müəllifin bu yanaşma haqqında bəhs etdiyi video bütün dövrün üçüncü ən populyar TED videosudur (https://www.youtube.com/watch?v=u4ZoJKF_VuA&t=466s).
İnsanlar etdiklərinizi almırlar; bunu niyə etdiyinizi alırlar.
Etdiyiniz işlər sadəcə nəyə inandığınızı sübut edir.
2. The Art of Explanation by Lee LeFever
The plain english (sadə ingilis dili) anlayışını video-izaha gətirən bir insanın kitabıdır. Danışılan predmetin nə olduğundan asılı olmayaraq onun asan izah edilmə yollarından və öz təcrübəsindən bəhs edir.
…məzmun kraldır, kontekst isə krallıq.
3. The Lean Startup by Eric Ries
Startup-lar üçün “lean startup” strategiyasından bəhs edən bu kitab uğursuzluğun əslində öyrənmək və irəliyə getmək üçün faydalı olduğunu, nə qədər tez müvəffəqiyyətsizliyə uğrasaq bir o qədər tez öyrənərik ideyasını təmsil edir.
Dövrümüzün ən böyük sualı “bunu yaratmaq olarmı” deyil, “bunu yaratmaq lazımdırmı?”-dır.
4. It’s Not about the Coffee by Howard Behar
Howard Behar əvvəl Starbucks-ın prezidenti olub. Kitabda bir çox maraqlı “insani” yanaşmalar və “case study” adlandırdığımız məqamlara rast gəlmək olar.
İnsanları yetişdirsək, onlar da biznesi yetişdirəcəklər.
Bu məğzdir və ən yüksək prioritetdir.
5. Never Split the Difference by Chris Voss and Tahl Raz
Bir məhsul meneceri işinin ayrılmaz öhdəliklərindən biri danışıqlar apara bilməkdir. Bu kitabda məhz elə uğurlu danışıqların əsaslarından
söhbət gedir.
İmkan verin bildikləriniz (bilinən bilgilər) sizə istiqamət versin, kor etməsin. Hər bir hal yenidir.
6. Don’t Make Me Think by Steve Krug
Bu kitab insan və komputer əlaqəsindən, həmçinin web istifadəsindən bəhs edir. Dizayn haqqında indiyədək oxuduğum ən gözəl kitablardan biridir. Kitab çox praktikdir, müəllif Amazon.com daxil olmaqla bir neçə saytı analiz edərək real nümunələr üzərindən izahlı şəkildə fikirlərini çatdırır.
Niyə axtardığımız şeylər ən son baxacağımız yerdə olur? Çünki onları tapdıqda axtarmağı dayandırırıq.
7. UX for Beginners by Joel Marsh
User experience haqqında baza biliklər əldə etmək üçün çox yaxşı kitabdır. Kitabda qrafik şəkillər çoxdur və çox olduğu qədər də sadədir. İzahlar bu şəkillər üzərindən verildiyi üçün tez bir şəkildə və zövq alaraq oxuyub bitirə biləcəyiniz kitablardan ola bilər.
Əgər Allah UX dizayner olsaydı, siz kiçik, qaranlıq, səssiz, saatı olmayan otaqda rahat stulda oturub yalnız onun tətbiq və saytını göstərən cihaza baxardınız. Kim bilir: bəlkə də baxırsınız…
Son üç kitab Agile Scrum haqqında maraqlananlar üçün faydalı ola bilər:
- The Professional Product Owner by Don McGreal and Ralph Jocham
- Scrum: The Art of Doing Twice the Work in Half the Time by Jeff Sutherland
- Mastering Professional Scrum by Simon Reindl and Stephanie Ockerman.