Deyirlər ki, ən dəyərli yatırım özünə etdiyin yatırımdır. Bu həqiqətən də belədir. Bununla belə, bu daha çox strategiyaya və ya vizyona bənzəyir. Həyatımda yatırımla bağlı etdiyim ən faydalı vasitəni sizinlə bölüşmək istərdim.
Mən bunu “lövhə” adlandırıram və məni buna ofisimizin interyeri ilhamlandırıb. Ofisdə bütün arakəsmələrin və masaların üstündə şüşə var. Son bir neçə il ərzində mən fikrimi izah etmək üçün hər yerə qeydlər yapışdırmağa, ağlımdakını təsvir etmək üçün cızma-qaralar etməyə başladım. Bir neçə illik müşahidədən sonra gördüm ki, insanlar hər-hansı bir fikri vizual olaraq daha yaxşı mənimsəməyə meyllidirlər. Bilirəm, burada beynimizi yormağa belə dəyməz. Fikirləşdim ki, eyni yanaşmanı özümə də tətbiq etsəm necə olar? Excel vərəqləri mənlik deyil- mənim hər gün yuxudan oyanan kimi gözümlə görə biləcəyim bir şeyə ehtiyacım var.
Nəticə olaraq, mən bu lövhəni tam olaraq qonaq otağımda divardan asdım. Təxmini 3 il əvvəl idi və bu çox dolğun keçən 3 il, məni daha da heyran olacağım bir insana çevirdi. Əldə etdiklərim mənə güc verir və qazandığım nailiyyətlər məni çox qürurlandırır.
Bəs mən necə edim ki bunu ən faydalı şəkilə gətirim?
Mən lövhəni illik, aylıq, gündəlik, təkrarlanan tapşırıqları və ya məqsədləri olan bölmələrə və yarımbölmələrə ayırıram. Bundan əlavə, mən daha çox bilmək, araşdırmaq və yazmaq istədiyim mövzuları lövhəyə yazıram. Onu da deyim ki, bu məqaləni yazmaq fikri mənə anidən, mən Mərkəzi Amerikadaykən gəldi.
16 Mart. Buludlar səmaya səpələnsə də, kifayət qədər günəşlidir. Otağım Sakit Okeana baxır və mən gecə və gündüz dalğaların və quşların səsini eşidirəm. Hazırda Denni ilə eyni otaqdayıq. O, Don Migel Ruizin kitablarından birini oxuyur, mən isə ortaya keyfiyyətli bir məqalə qoymaq üçün fikirlərimi toplamağa çalışıram. Danny, Ohayo ştatının Kolumbus şəhərində ER həkimidir. Demək olar ki, nahar vaxtıdır və mən məqaləmi o vaxta kimi bitirməyə çalışacağam. Çünki nahardan sonra Boogie Boarding-i sınamaq istəyirəm.
Beləliklə, mənim heyrətamiz mənzərəmi təsəvvür etdikdən sonra diqqətinizi yenidən lövhəyə yönəltmək istərdim. Mən oraya həm şəxsi, həm də korporativ məqsədlərimi yazıram. Bununla belə, bəzi hədəflər çox şəxsi olduğu üçün onları kodlayıram ki, qonaqlarımın mənim nə yaşadığımı və ya layihə üçün nə qədər vəsait toplamaq istədiyimi başa düşməsinlər.
Lövhədə ən sevdiyim hissələrdən biri “ay”dır. Ayın günlərini sıra ilə yazıram və yan tərəfə 7 gündəlik tapşırıq əlavə edirəm. Həmin gün 4 tapşırıq yerinə yetirdiyim zaman qarşısına X işarəsi, 5 tapşırıq yerinə yetirdiyim zaman qarşısına dairə qoyuram. Əgər 6 tapşırıq yerinə yetirsəm, X-i dairəyə alıram, hamısını yerinə yetirdikdə isə nəhəng qara nöqtə qoyuram. “Ay” planlaması ildə 3-4 dəfə olur və bu mənim ən məhsuldar olduğum zamanlardır. Mən bəzən qarşıma bu tip gündəlik tapşırıqlar qoyuram: Müştəri/tərəfdaş ilə əlaqə saxla, 40 səhifə kitab oxu, nəfəs məşqləri et, İspan və İtalyan dilləri üçün Duolingo proqramında kurs keç və s. Qarşıma qoyduğum tapşırıqlar il ərzində harada olmağımdan və hara getmək istədiyimdən asılıdır. Nəticə həqiqətən heyrətləndiricidir. Sonradan bütün gündəlik, aylıq və illik tapşırıqların/məqsədlərin bir-biri ilə əlaqəli olduğundan əmin oluram. Bu o deməkdir ki, mən hər gün son hədəfimə addım-addım yaxınlaşmalıyam.
Mənim James Clear və onun ‘Atomic habbits’ kitabı haqqında yazdığımı xatırlayırsınız? Məni lövhə düzəltməyimə James ilhamlandırdı. Onun kitabında olan ən faydalə dərslərdən biri budur: Gündəlik 1% inkişaf sizi il ərzində 37 dəfə daha çox inkişafa gətirib çıxara bilər. Həqiqətən işə yarayır.
İyul ayında mən lövhəyə yapışdırmışdım ki, ispan, italyan dillərini və pianoda 3 mahnı ifa etməyi öyrənməliyəm. Artıq hər birini yerinə yetirmişəm. Yeni ildə İtaliyada idim və italyan dilində yemək sifariş etməyi və arabir italyanca ünsiyyət qurmağı bacardım. İndi isə Mərkəzi Amerikadayam və tanımadığım insanlarla ispan dilində danışıram, onların 90% nə dediklərini başa düşürəm. Nəticə olaraq, Cəmilə Əsgərova sayəsində mən Ludovico Einaudi, Joep Beving və Jacob Banksın musiqilərini pianoda ifa edə bilirəm.
İnsanlar bəzən mənim özümü təriflədiyimi düşünə bilərlər, lakin mən özümə və başqalarına həqiqətən sübut etməyə çalışıram ki, sabit olan tək şey dəyişimdir. Mən öyrənmə qabiliyyətimlə fəxr edirəm və insanları mühakimə etməyi gözdən çıxarmışam. Artıq mən nəsə edəndə əvvəlki kimi hərəkətlərimə və ya sözlərimə görə mühakimə olunmaqdan qorxmuram. Heç kim mükəmməl deyil. Vacib olan şey cəhd etməkdir.
Lövhə ilə bağlı başqa bir hekayəmi sizinlə bölüşmək istəyirəm. Mən həmişə özümü utancaq və çəkingən insan hesab etmişəm. Əvvəllər deyirdim ki, ictimai çıxışlara nifrət edirəm və bunu edərkən özümü çox narahat hiss edirəm. Hər görüşdə və ya tədbirdə ictimai bir mesaj verəndə utandığımdan qıp-qırmızı olurdum. Bir gün özümə qoyduğum bu adı dəyişmək, özümü təsvir edərkən işlətdiyim ifadələri dəyişdirmək qərarına gəldim. Aydındır ki, “Mən çox utancaq insanam” dedikdə, bu, dəyişdirilməsi mümkün olmayan statik bir ifadə kimi səslənir. Bununla belə, “İctimai auditoriya qarşısında mesaj çatdırmalı olduğum zamanlarda daha yaxşı və səlis danışa bildiyimi hiss edirəm” deyərək, bu sualı italyanca “Timido” sözü ilə kodladıqda perspektivinizi dəyişmiş olurunuz. Və voila… Bu halda beyniniz dərhal sual verir – “Axı necə?»
Əvvəlcədən kodlanmış beyniniz bu sualı verdiyi zaman, nəsə araşdırmaq və ya hərəkət etmək üçün lazım olacaq kontrol siyahı hazırlaya bilərsiniz.
Keçən il indiyə kimi iştirak etdiyim ən böyük auditoriyalardan birinin qarşısında 15 dəqiqəlik çıxış etmək və verilən sualları cavablandırmaq üçün konfransa dəvət olundum. Çox gərgin idim və nitqimi əvvəlcədən sözbəsöz hazırlamışdım. Nitqimi üzündən oxumağı planlaşdırırdım. Çox gərgin olmağımın digər bir səbəbi də o idi ki, 200 iştirakçı natiqlərə qulaq asmaq üçün ödəniş etmişdi və mən də həmin natiqlər arasında idim. Bu mənə biraz da təzyiq edirdi. Böyük gün gəldi və mən çıxış etdim. Kaş deyə biləydim ki, bu çıxış mənim qorxuya qalib gəldiyim anlardan biri oldu və mən Tim Robbins kimi çıxış etdim. Xeyr, uğursuz oldum. Mesajı auditoriyaya ötürmək tərzim ürəyimcə olmadı.
Sonrakı həftə özüm özümə sual verdim: “İctimai çıxışlarda necə daha yaxşı ola bilərəm?” – bu mesajı lövhəmə yapışdırdım. Ertəsi gün fürsət yarandı. Mən peşəkar natiq və televiziyada xəbər aparıcısı olan Ceyhun Əli ilə nahar etdim.
Ondan ictimai nitqdə daha yaxşı olmaq üçün fəndlər və mütaliələr istədim. O mənə bir neçə məsləhət verdi. Daha sonra, bir neçə gündən sonra biz yenidən görüşdük ki, ictimai çıxışı mövzusunu müzakirə edək və onun sahibi olduğu atelyedən kostyum sifariş edək. Bu müddət ərzində o, mənə ən vacib və ən sadə dərsi verdi. O, mənə dedi ki, “Sən peşəkar natiq deyilsən. Heç kim səndən mükəmməl olmağını gözləmir. Sadəcə özün ol”. Mən 10 gün sonra ADA Universitetində baş tutacaq tədbirə hazırlıqsız və əzbərsiz getdim. Özümlə sadəcə bəzi qeydlər götürmüşdüm və ictimai çıxışla bağlı gərginliyimi bir anda dəf etdim.
Çıxışımdan dərhal sonra özümü çox canlı hiss etdim və çıxışımı tam istədiyim şəkildə çatdıra bildim. Tələbələrin məni sual bombardmanına tutması çox gözəl bir hiss idi. Təcrübəni bölüşdüyüm və dəyər əlavə etdiyim üçün möhtəşəm hiss etdim. Təqdir olunmaq gözəl idi.
İlin sonunda lövhədən “Timido” sözünü sildim – lövhədən hər dəfə nəyisə siləndə qürur hissini damarlarımda hiss edirəm.
Təbii ki, mən hamıdan evində lövhə quraşdırıb onu hissələrə ayırmağını gözləmirəm, yox. Sizə nə uyğun gəlirsə onu edin. Bu bir qeyd dəftəri, lövhə və ya sizə gündəlik tapşırıqlarınızı xatırladan tətbiq də ola bilər. Onu gələcəkdə həzz alacağınız şeylərlə, özünüzü tam hiss etdirəcək nailiyyətlərlə və sizi xoşbəxt hiss etməyə kömək edəcək arzularla doldura bilərsiniz.
Neçə il ömrümüzün olduğu yox, ömrümüzə nə qədər həyat sığışdıra bilməyimiz önəmlidir. Həyat yolunuzun qəhrəmanı məhz sizsiniz.